il sizinlə

Bankın mükafatlandırma siyasəti

1. Ümumi müddəalar

1.1 “AGBank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "Bank") mükafatlandırma siyasəti Azərbaycan Respublikasının qanunvericiliyi, Mərkəzi Bankın korporativ idarəetmə standartları, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunları, və digər normativ hüquqi aktları, habelə Bazel Komitəsinin “Kompensasiya prinsiplərinin və standardlarının qiymətləndirilməsi metodologiyası” adlı tövsiyələri və Bankın İnsan Resurslanın İdarə edilməsi siyasəti əsasında hazırlanmışdır.

1.2 Bu Siyasətin əsas məqsədi Bankda mükafatlandırma sisteminin formalaşdırılması və

tənzimlənməsidir

1.3 Bu Siyasət Bankın təşkilati strukturunun bütün səviyyələrində onun işçilərinə şamil edilir.

1.4 Bu Siyasətin tələbləri kənar tərəflərə (kənar məsləhətçilər, vasitəçilər və s.) ödəmələrə aid edilmir.

2. Mükafatlandırma sisteminin prinsipləri

2.1 Bankın mükafatlandırılma sıstemi aşağıdakı prinsiplər əsasında qurulub:

2.1.1 Adekvatlıq – bankın kapitalına, qanunvericiliyə, qabaqcıl beynəlxalq təcrübəyə və Bankın strategiyasına adekvat olması;

2.1.2 Ədalətlilik- dəqiq ölçülmüş meyarlar əsasında obyektiv qiymətləndirmə ilə işçinin əməyinin ədalətli ödənişi. Ödənişlərinin müəyyən edilməsində hər hansı bir diskriminasiyaya yol verilməməsi;

2.1.3 Balanslaşma- bütün növ mükafatların əsaslandırılmış və nəticəyə əsaslanan ödəniş balansı yaratmağa, həm fərdi, həm də kollektiv əməyi stimullaşdırmağa yönəlməsi;

2.1.4 Səmərəlilik- mükafatlandırmaya yönəldilən xərclərin bank üçün adekvat səmərə gətirməsi;

2.1.5 Uyğunluq- mükafatlandırma sisteminin əmək bazarı səviyyəsinə uyğunluğu;

2.1.6 Şəffaflıq –mükafatlandırma siyasəti ilə bağlı məlumatların həm işçilərə, həmdə ictimaiyyətə açıqlanması.

3. Mükafatlandırma siyasətinin strukturu

3.1 Müşahidə şurası bankın mükafatlandırma siyasətini müəyyən edir, təsdiq edir və icrasına nəzarət edir. Mükafatlandırılma komitəsinin üzvlərini təyin edir, komitənin işinə nəzarət edir. Bankın idarə heyətinin üzvlərin mükafatlandırılmasına dair mükafatlandırma komitəsinin təkliflərinə əsasən qərarlar qəbul edir.

3.2 Bankın mükafatlandırma komitəsi, müşahidə şurasının tabeçiliyində olaraq bankın idarə heyətindən asılı olmayaraq öz əsasnaməsinə uyğun fəaliyyət göstərir.

3.3 İdarə heyəti bu siyasətin həyata keçirilməsini təmin edir.

4. Mükafatlandırma sisteminin məqsədləri

4.1 Mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin əsas komponentlərindən birini təşkil edir və aşağıdakı məqsədlərə nail olmağa xidmət edir:

4.2 Bankın əmək bazarında rəqabət qabiliyyətliliyinin artırılmasına;

4.3 Bankın riskyönümlü biznes fəaliyyətinə uyğunluğunun təmin edilməsinə;

4.4 İşçilərinin əmək fəaliyyəti zamanı səmərəliliyinin artırılmasına;

4.5 İşçilər arasında ruh yüksəkliyinin artırılmasına;

4.6 Risklərin və insan resurslarının idarə edilməsi sistemlərinin təkmilləşdirilməsinə.

5. Mükafatlandırmanın növləri

5.1 Mükafatlandırma maddi və qeyri-maddi hissələrə bölünür:

5.2 Qeyri-maddi mükafatlandırma dedikdə, pul formasında ifadəsini tapmayan

mükafatlandırma (məsələn təltif sertifikatlarının, ilin işçisi və digər fəxri adların verilməsi və s.) nəzərdə tutulur.

5.3 Maddi mükafatlandırma – nağd və nağdsız formada olan digər maddi faydalardan ibarətdir. Bu komponentə nağd ödənişlər (məs, bonus) və qeyri-nağd ödənişlər (məs. tibbi sığorta, bankın səhmlərinin və qiymətli kağızlarının əldə edilməsi və s.) daxildir.

5.4 Nağd formada olan mükafatlandırma sabit hissədən (baza əmək haqqı və əmək haqqına əlavələrdən) və dəyişkən hissələrdən (aylıq/rüblük/illik bonuslardan) ibarətdir.

5.4.1. Sabit mükafatın məbləği aşağıdakı faktorlardan asılıdır:

a. Əməkdaşın vəzifə kateqoriyasından:

b. İşçinin peşəkar səriştəsindən asılı olaraq vəzifə kateqoriyasına uyğun olan əmək haqqı intervalından;

c. Vəzifə kateqoriyasının əmək bazarında əmək haqqı həddindən;

d. Vəzifə kateqoriyası, öz növbəsində, Bank üçün əhəmiyyətlilik dərəcəsinə uyğun olaraq aşağıdakı faktorları nəzərə almaqla qiymətləndirilir:

  • -Təhsil/təlim/bacarıq;
  • -Təcrübə;
  • - Məsuliyyət/Risklilik;
  • -Ünsiyyət;
  • -Vəzifənin xüsusiyyəti;
  • -Bazarda qıtlıq;
  • - İşçinin vəzifə kateqoriyası.

5.4.2. Dəyişkən mükafatlandırma – mükafatlandırmanın fəaliyyətinin nəticəsinə əsaslanan komponentidir.

a. Dəyişkən mükafatlandırmanın məbləği Bankın ümumi nailiyyətlərindən, onun struktur bölmələri, işçi kollektivləri, ayrılıqda işçilərin səylərindən asılıdır.

b. Mükafatlandırmanın dəyişkən hissəsi fəaliyyətin qiymətləndirilməsi sistemi ilə əlaqələndirilir və aşağıdakı faktorlardan asılıdır:

  • - əsas fəaliyyət göstəriciləri;
  • - işgüzar meyarları.

c. Bankın maliyyə vəziyyətinin pisləşməsi zamanı, həmçinin müəyyən edilmiş fəaliyyət kriteriyalarına nail olunmadıqda, bank dəyişkən kompensasiyanın ödənilməsini qismən və ya tamamilə dayandıra bilər (fərdi əməkdaş, qrup və bütövlükdə bank səviyyəsində).

5.5 Nağdsız mükafatlandırma

5.5.1 Bank tərəfindən əlavə güzəştlərin təqdim edilməsinin məqsədi işçilərin cəlb edilməsi, motivasiyası və saxlanılması üçün təqdim edilən ümumi mükafatlandırma paketinin cəlbediciliyinin yüksəldilməsidir.

5.5.2 İşçilərə təqdim olunan nağdsız formada olan mükafatlandırma işçilərin sosial müdafiə proqramlarından və dövlətin təqdim etdiyi icbari təminatdan fərqli əlavə güzəştlərdən ibarədir. Bu ümumi mükafatlandırmanın tərkib hissəsi hesab edilir və Bankın mükafat sisteminin rəqabətinin qiymətləndirməsində nəzərə alınır.

5.5.3 Sosial müdafiə proqramlarının (tibbi sığorta, həyat sığortası, bədbəxt hadisədən sığorta və s) məqsədi işçilərin yüksək səviyyədə sığorta ilə təmin edilməsi ilə yanaşı işçilərə gözlənilməz hadisələrin baş verməsinə qarşı zəmanətlərin verilməsi, həm də sığorta hadisələri baş verdikdə Bankın potensial xərclərinin və riskin azaldılmasına xidmət edir.

5.5.4 Bank gələcəkdə də işçilərin sosial müdafiə proqramlarını inkişaf etdirməli və maliyyələşdirməlidir.

5.5.5 Bankın sosial öhdəlikləri Dövlətin təqdim etdiyi sosial proqramları əvəz etmir.

5.5.6 Əlavə güzəştlər işçilərin vəzifə kateqoriyasından asılı olaraq müəyyən edilir. Əlavə güzəştlərin siyahısı və təqdim edilmə qaydaları əmək bazarındakı tendensiyalardan, Bankın maliyyə imkanlarından, insan resurslarının idarə edilməsində prioritetlərdən asılıdır və Bank tərəfindən dəyişdirilə bilər.

6. Mükafatlandırma sisteminin rəqabətliliyi

6.1 Bank mütəmadi olaraq inflyasiyanın və mükafatlandırma sisteminin rəqabət qabiliyyətini təhlilini aparır və bazar dəyişikliyi dinamikası və Bankın maliyyə imkanlarını nəzərə alaraq müvafiq qərarlar qəbul edir.

6.2 Əməyin ödənişinin rəqabətə davamlılığını yoxlamaq məqsədilə Bank nağd formada olan mükafatlandırmanın həm sabit, həm də dəyişkən hissələrini cəmləşdirib qiymətləndirir.

6.3 Bank öz inkişafında müstəsna rolu olan məhdud sayda mühüm işçilərin və vəzifələrin əməyini orta bazar qiymətindən yuxarı ödəyir, digər işçilərə Bank əmək bazarına uyğun ödənişlər edir.

6.4 Mükafatlandırma strukturu bazar şərtlərinin və bankın maliyyə vəziyyətinin dəyişməsinə müvafiq olaraq mütəmadi yenilənir.

7. Məlumatların açıqlanması

7.1 Mükafatlandırma paketinin qiymətləndirməsinin obyektivliyini artırmaq, həmçinin sistemin Bankın həm daxilində, həm də xaricində şəffaflığını təmin etmək məqsədi ilə Bank işçilər və digər maraqlı şəxslər üçün mükafatlandırma siyasətinin əsas prinsiplərini, rəqabət üstünlüklərini, habelə mükafatın dəyişkən hissəsini müəyyən edərkən istifadə edilən metod və meyarlar haqqında məlumatlandırmanı aktiv şəkildə həyata keçirir.

8. Yekun müddəalar

8.1 Bu Siyasət Bankın Müşahidə Şurası tərəfindən təsdiq olunduğu tarixdən qüvvəyə minir.

8.2 Bu siyasətə əlavələr və dəyişiklər Bankın Müşahidə Şurası tərəfindən edilir.

8.3 Siyasətin icrasına nəzarət Bankın Audit Komitəsi həyata keçirilir.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by